Şeirlər

Şuşa haqqında şeir

Şuşa şeiri

Şuşa haqqında şeir

YALANÇI   ŞƏHƏR
Səndən xəbərsizik gör neçə ildı,
Gözlərin yollara dikili qalıb.
Qaçıb gələrdınmi, ayağın olsa.
Qolların qoynunda bükülü qalıb.

Bəlkə ayağını özün kəsmisən,
Atib gəlməyəsən bezib ağrıdan.
Bizim yollarimiz kəsilməyib ki…
Kəsik ayaqlardı ürək ağrıdan.

Ayaqlar kəsildi, cığırlar itdi,
İtmiş cıgırlarla qalandı Şuşam.
Ayağın olsaydı yenə gəlməzdin,
Yalandı, yalandı, yalandı, Şuşam.

Müəllif: Sehran Allahverdi

ŞUŞA

Yolları bağlanıb düşüncə daşa,
Baharı dönüncə şaxtalı qışa,
Naxələf satqınlar keçincə başa,
Dizləri qatlandı, yıxıldı Şuşa!

”resim-aciklamasi”

Namərdlər hiylədən toru hörüncə,
Saldıran yağılar alıb girincə,
Məzar sükutuna dalmış görüncə,
Odlara qalandı , yaxıldı Şuşa!

Qəlbindən vuruldu, köksü didildi,
Döyüldü dağ-daşı orden edildi,
Qanla yoğrulmuşdu, sanki ödüldü,
Erməni boynuna taxıldı Şuşa!

Verdik əlimizdən bizim olanı,
Tuş etdik yurduma dərdi, bəlanı,
Ələyib gözlərə falşı, yalanı,
İllərlə lentlərdə baxıldı Şuşa!

Bircə gün qeyd edib işğal gününü,
Sonra unuduruq səsi, ününü,
Riyakar bir tarix biçir donunu,
Böyüyən nəsilə nağıldı Şuşa!

08.05.2017.

Müəllif: Təvəkkül Goruslu Məmmədov

QÜRBƏT KÖYNƏYİ

Oxsa bu dərdin saçını,
Körpə, dəcəl balan kimi.
Pıçılda bir qulağına,
Doğruları yalan kimi.

Qeyrət də çırpıb qapını,
Adını süpürüb, gedib.
Nə yaxşı ki, son gedişdə
Üzünə tüpürüb, gedib.

Havalar ta istiləşir,
Çıxar olmayan papağı.
Birdən səni kişi bilib,
Soruşarlar Qarabağı…

Ömrü Ağdam şərabı tək,
Bala-bala çək başına.
Təsəlli ver öz-özünə:
“Mən neyləyim tək başına?!.

Eynimde qurbet koyneyi,
Her gun tezelenir,veten.
Sairler oz derdi ile
Bele mezelenir,veten!

Əynimdə qurbət koynəyi,

Hər gun təzələnir,vətən.

Sairlər oz dərdi ilə

Belə məzələnir,vətən!

Müəllif:  Balayar Sadiq

ŞUŞA  MÖVSÜMÜ

Tut bu səbrin yaxasından,
Vur o daşa, vur bu daşa.
Bir sətir Şuşa ətri səp,
Ruhunda donan savaşa.

Qəlbindən bir dağ boylanır,
Qeyrət gəzsin qoy o dağda.
Qanını sürt gözlərinə,
Güllər açsın Qarabağda.

Hünəri çixar köynəkdən,
Qala qisas ocağını.
Arzusu üşüyənlərə,
Aç ümidin qucağını.

Güllə səsi gülə – gülə,
Qoy sinəndə qapı açsın.
Düşmən görsün cürətini,
Ölümünü qapıb qaçsın.

Şükür,zəfər qoxuludur,
Şəhidlərin təbəssümü.
Qalıbdır gözü yollarda
Könlümün ŞUŞA mövsümü !

Müəllif: Ülkər Nicatlı

 

BU YAZ DA GƏLƏ BİLMƏDİK…

Gün-güzaran başımızı yenə qatdı,
Biz sızladıq, namərd səndə at oynatdı,
Bizsiz yenə yamacların şehə batdı,
Bu yaz da gələ bilmədik…

Buzdan çıxdı, qırçınlandı bulaqların,
Lalələndi, oda düşdü yanaqların,
“Hardasınız”- pıçıldadı dodaqların,
Bu yaz da gələ bilmədik…

Damarımda qaynamırsa qanım, Şuşam,
Səni hələ hansı üzlə anım, Şüşam?
Yolumuzdan yığ gözünü, canım Şuşam-
Bu yaz da gələ bilmədik…

09 may 2012

Müəllif: Vahid  Çəmənli

 

HÜNƏR GÖSTƏRMİSƏNMİ?

(BU GÜN YARALI YERİMİZ OLAN ŞUŞANIN
İŞĞALINININ İLDÖNÜMÜDÜR.)

Dinlə sözlərimi: Ey vətən oğlu,
Düşmən işğal edib, bağlayıb yolu.
Qəlbində intiqam odlu, alovlu,
Yandırıb, qisasa döndərmisənmi?

Bir vaxt Erməniylə can, qardaş kimi,
Yeyərdin, içərdin dost, sirdaş kimi.
Güllələr yağdırıb, qara daş kimi,
Özünü döyüşə, kökləmisənmi?

Yağı, düşmən kəsibdi yollarını,
Çalın, çarpaz bağlayıb qollarını.
Vətənin, qeyrətli oğullarını,
Düşmənlə, döyüşə səsləmisənmi?

Türklərə bir bəla, yaratdı Allah,
Başları əzildi, olmadı islah.
Durub keşiyində, əlində silah,
Başına igidlər, cəmləmisənmi?

Səslə Koroğlumu, ya Babəkimi,
Gəlsin şah Xətai, Qaçaq Nəbimi.
Vətənə layiqli, bir övlad kimi,
Qəlbində, məhəbbət bəsləmisənmi?

Partizan Mehdinin, olmuş əvəzi,
Nümunə göstər sən, gəl Mübarizi.
Gəray, Hüseynbala, qəhrəman Həzi,
Onlar tək, bir hünər göstərmisənmi?

Əlif, Əlyar, Asif, İbadla, Yaqub,
Şirin,Allahverdi, Yelmar, həm Raqub.
Arxalı düşməni, edərək məğlub,
Döyüşüb, heç ölmək istəmisənmi?

Qoru bu torpağı, torpaq sənindir,
Doğma yer, yurd, yuva öz vətənindir.
Döyüş meydanıdır, Qarabağ indi,
Canını sipərə, döndərmisənmi?

Axdı torpağına, şəhid qanları,
Gərəkdir, alınsın intiqamları.
Vətənə xor baxan, kor nadanları,
Malik: Şeirinlə, pisləmisənmi?

Müəllif: Malik Tağızadə

 

MƏN ƏSGƏR ANDINI İÇİB GƏLMİŞƏM

Çəkil yağı düşmən, Qarabağımdan.
Şuşa qalasından, uca dağımdan.
Çəkil qabağımdan, keç qabağımdan,
Mən əsgər andını içib gəlmişəm.
Sülh deyib, sizlərə zaman vermişik.
Sən demə zalıma aman vermişik.
Apreldə cavabın yaman vermişik,
Mən əsgər andını içib gəlmişəm.
Xocalı, Xocavənd, Xankəndi mənim,
Zəngilan, Cəbrayıl başımda çənim,
Ağdərə, Qubadlı yuxuma qənim,
Mən əsgər andını içib gəlmişəm.
Ağdam, Fizulidən keçib gələrəm,
Kəlbəcər, Laçına səcdə edərəm,
Mən cavan Heydərəm, baba Heydərəm,
Mən əsgər andını içib gəlmişəm.
Qələbə müjdəsi, sorağı məndə,
Canım Azərbaycan, bayrağı məndə,
Çəkiçi məndədi, orağı məndə,
Mən əsgər andını içib gəlmişəm.
Xəstədi, düşmənin vardı mərəzi,
Anamla etmişəm razi-niyazi,
“Ya şəhid olaram, ya da ki qazi,”
Mən əsgər andını içib gəlmişəm.

18.10.2016

Müəllif: Etibar Vəliyev

 

VƏTƏN OĞULLARI.

Vətən oğulları, başınız uca,
Üzünüz bəxtiyar,daim ağ olsun.
Vətənim yaşasın dünya durduqca,
Millətim salamat,Vətən sağ olsun.

Vətənə arxasız, millətə dayaq,
Gəlin, bu dözümdən usanaq, doyaq,
Yağıya “toy” tutaq, əlacsız qoyaq,
Həmləniz düşmənə, çarpaz dağ olsun.

Vaxtdır, pasın açın silah, yarağın.
Sizdən alaq, böyük zəfər sorağın,
Cənnətə döndərin yurdun torpağın,
Vətən başdan-başa bağça,bağ olsun.

Cavanlar,ömrünüz açsın tər çiçək
Özünüz yüz yaşan,bəxtiniz göyçək,
Azad edin, doğma yurdlara köçək,
Qürür,and yerimiz, Qarabağ olsun.

Müəllif: Mayil Dostu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nəzər yetirin
Close
Back to top button